Marsa yeni missiya: NASA nüvə gücü ilə işləyən aparat hazırlayır

Marsa yeni missiya: NASA nüvə gücü ilə işləyən aparat hazırlayır Dünya

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 2028-ci ilin sonunda Marsa nüvə enerjisi ilə işləyən "SR-1 (Space Reactor-1) Freedom" aparatını göndərməyi planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə TASS-a NASA-nın rəsmi nümayəndəsi Cen Uittri məlumat verib.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsi üçün təxminən 2,1 milyard dollar xərclənəcək. NASA bu missiyanı ABŞ-nin Yerə yaxın orbitdən daha uzaq məsafələrdə daha uzunmüddətli və səmərəli fəaliyyət göstərməsinə imkan verəcək nüvə sistemlərinin yaradılması istiqamətində mühüm addım hesab edir.

Cen Uittri bildirib ki, aparatın hazırlanmasında əvvəllər Ay ətrafında inşa edilməsi planlaşdırılan "Gateway" stansiyası üçün nəzərdə tutulan bəzi texnologiyalardan, o cümlədən "Power and Propulsion Element" (PPE) elektrik hərəkət modulundan istifadə olunacaq. "Gateway" layihəsinin icrası isə 2026-cı ildə dayandırılıb.

NASA rəsmisinin sözlərinə görə, hazırda əsas diqqət "SR-1 Freedom" üçün nüvə reaktoru sisteminin hazırlanmasına yönəldiləcək. Agentlik hesab edir ki, bu texnologiya gələcəkdə Ayda uzunmüddətli fəaliyyət və Mars missiyaları üçün mühüm imkanlar yaradacaq.

Məlumata görə, "SR-1 Freedom" Marsa "SkyFall" proqramı çərçivəsində hazırlanacaq üç robot helikopter çatdıracaq. Bu aparatlar əvvəllər Marsda uğurla istifadə olunan "Ingenuity" helikopterinin bazasında hazırlanacaq. Yeni proqramın ümumi dəyəri hələ açıqlanmayıb.

Qeyd edək ki, "Ingenuity" 2021–2024-cü illərdə Marsın tədqiqində istifadə olunub. Təxminən 1,8 kiloqram ağırlığında olan aparat Mars səthində 72 uçuş həyata keçirərək roverin çata bilmədiyi əraziləri araşdırıb, planetin üçölçülü xəritələrinin hazırlanmasına və digər elmi tədqiqatlara töhfə verib. 2024-cü ilin yanvarında isə zədələndiyi üçün onun missiyası başa çatdırılıb.