Meşədə giləmeyvə yığan şəxsin tapıntısı alimləri ayağa qaldırdı – FOTOLAR
Dünya
Polşada meşədə giləmeyvə yığmağa gedən bir şəxs təsadüfən İkinci Dünya müharibəsinə aid olduğu ehtimal edilən hərbi təyyarənin qalıqlarını aşkarlayıb.
News24.az xəbər verir ki, bu barədə “TVP World” məlumat yayıb.
Bildirilir ki, Svinouyşçe şəhəri yaxınlığındakı meşədə giləmeyvə yığan yerli sakin dərin çuxur və ətrafa səpələnmiş paslanmış alüminium qalıqları ilə rastlaşıb. Tapdığı metal parçasını Sahil Müdafiəsi Muzeyinin mütəxəssislərinə təqdim edən şəxs bunun adi metal olmadığını öyrənib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, metal lövhələr, pərçimlər, təyyarə konstruksiyasına aid hissələr və istifadə olunmuş döyüş sursatı bunların hərbi təyyarəyə məxsus olduğunu göstərir.
Daha sonra hadisə yerinə baxış keçirən muzey əməkdaşları əlavə qalıqlar, eləcə də Britaniya aviasiya pulemyotlarında istifadə olunan sursatlar aşkar ediblər. Bundan başqa, üzərində identifikasiya nömrəsi olan boru tapılıb. Mütəxəssislərin fikrincə, bu detal məşhur “Rolls-Royce Merlin” mühərriki ilə əlaqəli ola bilər.
Araşdırma nəticəsində tapıntının 2009-cu ildə Baltik dənizində, həmin ərazidən təxminən bir kilometr aralıda aşkarlanan “Avro 683 Lancaster” bombardmançısının qanad hissəsi ilə əlaqəli ola biləcəyi ehtimal edilir.
Qeyd edək ki, “Avro 683 Lancaster” Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin istifadəsində olan ağır dördmühərrikli bombardmançı təyyarə idi. Müharibənin son aylarında Svinouyşçe ətrafında şiddətli döyüşlər gedib və müttəfiq qüvvələr Almaniyanın nəzarətində olan sənaye obyektlərinə hava zərbələri endiriblər.
Mütəxəssislər hesab edirlər ki, yeni aşkar edilən təyyarə Almaniyanın sahilboyu zenit batareyaları tərəfindən vurulub. Hazırda ərazi potensial qəza yeri kimi araşdırılır. Rəsmilər ekipaj üzvlərinin qalıqlarının hələ də torpaq altında ola biləcəyini istisna etmirlər.