Mənim verdiyim silahla Putinin yüzlərlə tankını məhv etdilər - Tramp
Dünya
ABŞ prezidenti Donald Tramp Ukraynanı xilas etdiyini bildirib.
News24.az xəbər verir ki, Tramp bu barədə “Axios”a müsahibəsində deyib.
O, söhbət zamanı Ukraynada müharibənin başladığı tarixi xatırlayıb.
“Ukraynada müharibə başlayanda, Putinin yüzlərlə tankı var idi və onlar magistral yolla irəliləyirdilər. Orada çox yaxşı və qaya kimi möhkəm bir magistral yol var idi, birbaşa Kiyevə gedirdi.
Onlar saatda 51 mil sürətlə hərəkət etsəydilər, - bu tank üçün təxminən maksimum sürətdir, - üç saata Kiyevdə olardılar. O böyük tank karvanını xatırlayırsınız?
Onların bir generalı var idi, yəqin ki, artıq həyatda deyil. O, Kiyevə daxil olub müharibəni ilk gündəcə bitirmək əvəzinə kənd təsərrüfatı sahələri və bataqlıq ərazilərdən keçməyə üstünlük verdi. Ondan bir neçə gün əvvəl də rekord səviyyədə leysan yağdığı üçün tanklar palçığa batıb qaldılar.
Mən isə onlara (Ukraynaya) “Javelin”lər vermişdim və onlar həmin tankları məhv etdilər. Mən bu silahları o hadisə baş verməzdən əvvəl vermişdim”, - deyə Tramp bildirib.