Meqan Marklın atası həbs edildi
Dünya
Şahzadə Harrinin həyat yoldaşı Meqan Marklın atası Tomas Markl ABŞ-da ev dustaqlığının şərtlərini pozduğuna görə yenidən həbs edilib.
News24.az xəbər verir ki, 82 yaşlı Tomas Markl noyabrın 6-da uşaqlara qarşı cinsi istismar materiallarını saxlamaqda ittiham olunub.
Demensiya xəstəliyindən əziyyət çəkən Markl məhkəmə qərarı ilə Floridada yaşadığı yardım müəssisəsində ev dustaqlığına buraxılıb. O, məhkəmə iclaslarında iştirak etməli və hərəkətlərinin izlənilməsi üçün xüsusi elektron qolbaq taxmalı idi.
Kaliforniyanın Mərkəzi Dairəsi üzrə ABŞ prokuroru Bill Essailinin sözlərinə görə, Tomas Markl çərşənbə axşamı gecə saatlarında elektron izləmə qolbağını kəsərək çıxarıb.
ABŞ Marşal Xidmətinin nümayəndəsi bildirib ki, qolbaq çıxarıldıqdan sonra onun harada olduğu müəyyən edilməyib. Bundan əlavə, Marklın qaldığı yardım müəssisəsi onun geri qəbulundan imtina edib.
Bill Essaili prokurorluğun məhkəməyə müraciət edərək Tomas Marklın ev dustaqlığına buraxılması barədə qərarın ləğvini və məhkəmə prosesi başa çatanadək həbsdə saxlanılmasını tələb etdiyini açıqlayıb.
Qeyd edək ki, noyabrın 6-da "Daily Mail" nəşri Federal Təhqiqat Bürosunun (FTB) Meqan Marklın atasını uşaqlara qarşı cinsi istismar materiallarını saxlamaqda şübhəli bilərək saxladığı barədə məlumat yayıb.