"Mercedes-Benz" rekord qırdı
Dünya
Mercedes-Benz 2026-cı ilin üçüncü rübündə elektrikli avtomobillərin satışında rekord göstəriciyə nail olub.
News24.az xəbər verir ki, şirkət iyul-sentyabr aylarında müştərilərə 68 min 400 elektrikli avtomobil təhvil verib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61 faiz çoxdur.
Şirkətin minik avtomobilləri bölməsinin ümumi satışlarında tam elektrikli modellərin payı rekord həddə çataraq 16,8 faiz təşkil edib. Elektrikli avtomobillər və plug-in hibridlər birlikdə nəzərə alındıqda isə elektrikləşdirilmiş modellərin payı 25 faizə yüksəlib.
Ən yüksək artım Avropa bazarında qeydə alınıb. Belə ki, regionda Mercedes-Benz-in tam elektrikli avtomobillərinin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 78 faiz, əvvəlki rüblə müqayisədə isə 24 faiz artıb. Avropa İttifaqında satılan hər üç yeni Mercedes-Benz minik avtomobilindən təxminən biri tam elektrik mühərriki ilə təchiz olunub.
Elektrikli modellərə yüksək tələbat istehsal və sifariş göstəricilərinə də təsir edib. Məlumata görə, GLC, CLA, GLB və GLA modellərinin Avropadakı satışları ilin sonunadək planlaşdırılan həcmlə tamamlanıb, yeni sifarişlərin çatdırılması isə 2027-ci ilə qədər uzanıb.