Məşhur cütlüyün evi qarət edildi - 3 avtomobil qaçırıldı
Dünya
Avstraliyalı aktyor Kris Hemsvort və həyat yoldaşı, ispan aktrisa və model Elza Patakinin malikanəsi qarət edilib.
News24.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Məlumata görə, maskalı dörd nəfər Bruken-Hed bölgəsində yerləşən malikanənin ərazisinə daxil olaraq “BYD”, “Ram” və “Raptor” markalı maşınları qaçırıblar.
Polisin məlumatına görə, hadisə səhər saatlarında baş verib. Naməlum şəxslər hasardan aşaraq qaraja daxil olublar. Avtomobillərin açarları isə maşınların içərisində olub.
Elza Pataki gecə saat 02:00 radələrində itlərin hürməsinə oyanıb, lakin bir müddət sonra yenidən yatıb.
Səhər müşahidə kameralarının görüntülərinə baxarkən maskalı dörd nəfəri görüb. Onlardan ikisinin əlində bıçaq olub.
Polisin apardığı araşdırma nəticəsində qaçırılan avtomobillərdən ikisi tapılıb. Onlardan biri malikanədən bir saatlıq, digəri isə iki saatlıq məsafədə aşkarlanıb. Üçüncü avtomobilin axtarışları davam edir.
Qeyd edək ki, Kris Hemsvort və Elza Pataki üç övladı ilə birlikdə bu malikanədə yaşayırlar.
Cütlüyün 2014-cü ildə 7 milyon dollara aldığı malikanənin hazırkı dəyərinin 75 milyon dolları keçdiyi bildirilir.