Messinin 21 metrlik heykəli söküldü - Foto

Messinin 21 metrlik heykəli söküldü - Foto Dünya

Məşhur futbolçu Lionel Messinin Hindistanda ucaldılmış 21 metrlik heykəli yerli hakimiyyət orqanları tərəfindən təhlükəli hesab edildiyi üçün sökülüb.

News24.az xəbər verir ki, abidə dekabr ayında Kolkata şəhərində, argentinalı futbolçunun “GOAT” turu çərçivəsində quraşdırılıb.

Heykəl sakinlərin şikayətlərindən sonra mühəndislər tərəfindən yoxlanılıb.

Yerli KİV-in məlumatına görə, İctimai İşlər Departamentinin mütəxəssisləri heykəlin küləkdə nəzərəçarpacaq dərəcədə yelləndiyi barədə məlumatlar əsasında araşdırma aparıblar.

Yoxlama zamanı konstruksiyanın dayanıqlılığı ilə bağlı ciddi problemlər aşkar edilib.

Ştat hökumətinin nümayəndəsi bildirib ki, heykəl həqiqətən də təhlükəli vəziyyət yaradır. Onun sıx hərəkətli avtomobil yolu və metro stansiyasının yaxınlığında yerləşməsi sökülmə prosesini daha da çətinləşdirib.

Yoxlamadan sonra abidənin dərhal sökülərək başqa yerə köçürülməsi qərara alınıb. Heykəl əvvəlcə troslarla bərkidilib və ətrafı hasarlanıb, daha sonra isə tamamilə sökülərək daşınıb.

Hazırda konstruksiya İctimai İşlər Departamentinin nəzarəti altındadır və onun gələcəkdə harada yerləşdiriləcəyi hələ açıqlanmayıb.

Messinin 21 metrlik heykəli söküldü - Foto