Milyarderlərin sərvəti bir ildə 2,5 trilyon dollar artdı

Milyarderlərin sərvəti bir ildə 2,5 trilyon dollar artdı Dünya

Britaniyanın humanitar yardım təşkilatı "Oxfam" dünya üzrə milyarderlərin ümumi sərvətinin ötən il 16 faiz artaraq 18,3 trilyon dollara çatdığını açıqlayıb.

News24.az xəbər verir ki, məlumat İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun illik toplantısında təqdim olunan hesabatda yer alıb.

Hesabata əsasən, dünya üzrə təxminən 3 min milyarderin sərvəti 2024-cü illə müqayisədə 2,5 trilyon dollar artıb. Bildirilib ki, milyarderlərin sərvət artımı əvvəlki illərin orta göstəricisindən üç dəfə daha sürətli olub.

Qeyd edilib ki, dünyanın ən varlı 12 nəfəri hazırda 4 milyarddan çox insanın ümumi sərvətindən daha çox vəsaitə sahibdir. Eyni zamanda, dünya əhalisinin dörddə biri kifayət qədər qidaya çıxış əldə edə bilmir, qlobal əhalinin təxminən yarısı isə yoxsulluq şəraitində yaşayır.

Təşkilat qlobal bərabərsizliyin azaldılması üçün super varlıların daha yüksək vergiyə cəlb edilməsinin vacib olduğunu vurğulayıb.