Misir prezidenti vəzifəsindən gedəcəyi tarixi açıqladı

Misir prezidenti vəzifəsindən gedəcəyi tarixi açıqladı Dünya

Misir Prezidenti Əbdülfəttah əs-Sisi 2030-cu ildə postunu tərk edəcəyini və hakimiyyətdə qalmaq üçün konstitusiyanı dəyişdirməyəcəyini bildirib.

News24.az xəbər verir ki, bu barədə "Roayah News" nəşri dövlət başçısının Misir Hərbi Akademiyasındakı çıxışına istinadən məlumat yayıb.

"2030-cu il mənim prezidentlik müddətimin sonu olacaq. Bu məsələ tamamilə həll olunub və bundan artıq danışılmayacaq", - deyə Misir lideri bildirib.

Əs-Sisi, həmçinin rəhbərlərin yeni nəslinin hazırlanması proqramını da elan edib. Parlament sədrinin rəhbərliyi ilə yaradılmış komitə hərbi akademiyada 30 aylıq təlim keçəcək 40-50 yaş arası namizədlərin seçilməsi meyarlarını işləyib hazırlayacaq.

"Mənə elə insanlar hazırlamaq üçün sizin dəstəyiniz lazımdır ki, onlar dövləti təkcə prezident postunda deyil, bütün sahələrdə idarə etsinlər", - deyə prezident bəyan edib.

O, qohumları arasından varis hazırlanması ilə bağlı fərziyyələri rədd edib. Onun sözlərinə görə, Misir "ondan 100 dəfə yaxşı" liderlər yetişdirməyə qadirdir və seçim meyarları obyektiv olacaq.

Əs-Sisi ölkənin "bədxah, xain və ya cinayətkar" tərəfindən idarə olunmayacağına əmin edib.

Qeyd edək ki, Əbdülfəttah əs-Sisi 2014-cü ildən Misir prezidenti vəzifəsini tutur. Mövcud konstitusiyaya əsasən, o, 2030-cu ildən sonra yeni müddətə namizəd ola bilməz.