Misirdə 2500 illik sirr üzə çıxdı – FOTOLAR
Dünya
Misirin Bahariya vahəsində arxeoloqlar təxminən 2500 il yaşı olan qədim məbədin qalıqlarını aşkar ediblər.
News24.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Misirin Ali Qədim Əsərlər Şurasının (SCA) arxeoloji missiyası qazıntılar zamanı qumdaşından tikilmiş tikili qalıqları, firon I Psammetixin ad və titullarının həkk olunduğu daş bloklar, eləcə də müxtəlif artefaktlar aşkar edib.
Mütəxəssislərin sözlərinə görə, tapıntılar eramızdan əvvəl 664-525-ci illərdə hakimiyyətdə olmuş 26-cı sülalə dövrünə aiddir və abidənin həmin dövrdə mühüm inzibati və dini mərkəz kimi fəaliyyət göstərdiyini təsdiqləyir.
Qazıntılar zamanı məbədin 16 qumdaşı sütundan ibarət əsas hipostil zalı, ona bitişik otaqlar, ziyarətgahlar və Amon-Ra, Amunet və Xonsu kimi tanrıların adlarının qeyd olunduğu heroqlif yazılar da aşkarlanıb.
Arxeoloqların məlumatına görə, zalın tikintisinə I Psammetixin dövründə başlanılıb, firon Apri və II Yaxmosun (Amasis) hakimiyyəti illərində isə tamamlanıb.
Bundan əlavə, tədqiqatçılar XVIII sülaləyə aid firon II Amenhotep dövrünə məxsus daş stel də tapıblar.
Missiya həmçinin II Ramses dövrünə aid artefaktlar aşkar edib. Alimlər hesab edirlər ki, bu ərazidə məbəd kompleksi inşa edilməzdən əvvəl də dini ayinlər keçirilir və yaşayış məskəni mövcud olub.