Misirdə sensasiyalı kəşf: 3 min il yaşı olan məzarda görün, nələr tapıldı
Dünya
Niderlandın Leyden Universitetinin arxeoloji missiyası Misirdə Luksorun qərb sahilində yerləşən Şeyx Əbd əl-Qurna nekropolunda təxminən 3 min il yaşı olan məzar aşkar edib.
News24.az xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Abidələr Nazirliyi məlumat yayıb.
Məzar Paser adlı şəxsə məxsusdur və eramızdan əvvəl XIII–XI əsrləri əhatə edən XIX və XX Ramessid sülalələri dövrünə aid edilir.
Paserin qəbri əvvəllər məlum olan dəfn komplekslərinin şərqində yerləşir və Yeni Krallıq dövrünün Fiva şəhərindəki şəxsi məzarlara xarakterik üslubda inşa olunub.
Məzar kompleksinə açıq həyət, çevrilmiş "T" formasında ibadətgah və yeraltı dəfn otaqları daxildir. Həyətdə xatirə daşının qoyulması üçün kərpicdən hazırlanmış oturacaq və maili panduslarla təchiz edilmiş pilləkən də aşkarlanıb. Arxeoloqlar ibadətgahın divarlarında Paserin adını əks etdirən yazılar, həmçinin onun həyat yoldaşı ilə birlikdə tanrılara qurban süfrəsi önündə ibadət etdiyini göstərən təsvirlər tapıblar.
Tədqiqatçılar hazırda tapıntını sənədləşdirməyə və dəfn kompleksini araşdırmağa davam edirlər. Onların fikrincə, bu kəşf Qədim Misirin həyatı və mədəniyyəti haqqında yeni məlumatlar əldə etməyə kömək edəcək.