“Miss İsveçrə” Trampı təcavüzdə ittiham edir
Dünya
İsveçrənin keçmiş “Miss İsveçrə” gözəllik müsabiqəsinin iştirakçısı, model Beatris Keul ABŞ prezidenti Donald Trampı təcavüzdə ittiham edib.
News24.az xəbər verir ki, bu barədə “TIME” nəşri məlumat yayıb.
Keulun açıqlaması ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvlərinin hazırladığı hesabatda yer alıb. Hesabatda Trampın iş adamı Ceffri Epşteynlə əlaqələri araşdırılır.
Keul ABŞ Senatının Hüquq Komitəsinə bildirib ki, 24 yaşında olarkən Tramp tərəfindən zorlanıb. Onun sözlərinə görə, hadisə Manhettendəki “Plaza” hotelinin otaqlarından birində baş verib.
Model iddia edib ki, Trampın dostu Paolo Dzampollinin vasitəsilə ona ABŞ vizası almağa və Nyu-York Universitetinə qəbul olunmağa kömək ediləcəyi vəd edilib.
Lakin sonradan Trampın ona təcavüz etdiyini bildirib. Keulun sözlərinə görə, hadisədən sonra bədənində qan ləkələri və göyərmələr yaranıb. O, baş verənlər barədə susacağı təqdirdə Trampın ona viza düzəldəcəyini və universitetə qəbul olunmasına şərait yaradacağını vəd etdiyini iddia edib.
Keul həmin tədbirdə Ceffri Epşteynlə də söhbət etdiyini bildirib. Onun sözlərinə görə, Epşteyn Trampla birlikdə çoxsaylı məclislər təşkil etdiyini deyib.
Qeyd olunub ki, İsveçrəyə qayıtdıqdan sonra Keul Trampın sponsorluq etdiyi Havay adalarında keçiriləcək növbəti gözəllik müsabiqəsində iştirak etməkdən imtina edib.
Həmin müsabiqə iddia edilən zorlanma hadisəsindən bir neçə həftə sonra keçirilməli idi.