Münxendə sakinlər üçün sərt qadağa – 50 min avro cəriməsi var

Münxendə sakinlər üçün sərt qadağa – 50 min avro cəriməsi var Dünya

Almaniyanın Münxen şəhərində su ehtiyatlarının qorunması məqsədilə sərt məhdudiyyətlər tətbiq olunub.

News24.az xəbər verir ki, şəhər rəhbərliyi içməli su istehlakının kəskin artması səbəbindən avtomobillərin yalnız avtoyuma məntəqələrində yuyulmasına icazə verib. Qazonların suvarılması, göl və digər su hövzələrindən su çəkilməsi qadağan olunub. Həmçinin fərdi hovuzların, fəvvarələrin və digər su obyektlərinin doldurulmasına icazə verilmir, ictimai fəvvarələr isə müvəqqəti olaraq söndürülür.

Bundan başqa, bağların, gül kollarının və dekorativ bitkilərin yalnız səhər tezdən və axşam saatlarında suvarılmasına icazə verilib. Qaydaları pozan şəxslər 50 min avroya qədər cərimələnə bilər.

Şəhər hakimiyyətinin məlumatına görə, hazırda Münxendə gündəlik içməli su istehlakı 360 milyon litri ötüb. Halbuki normal göstərici təxminən 300 milyon litr təşkil edir. Yaxın günlərdə gözlənilən yağışların da vəziyyəti ciddi şəkildə dəyişməyəcəyi bildirilir.

Münxen meri Dominik Krauze bildirib ki, qeyri-adi dərəcədə quraq keçən qış və yaz aylarından sonra şəhərin su təchizatı sistemi ciddi təzyiq altındadır.

Qeyd edək ki, şəhər rəhbərliyi daha əvvəl sakinləri könüllü şəkildə suya qənaət etməyə çağırsa da, bu çağırışlar istənilən nəticəni verməyib. Buna görə də hakimiyyət məcburi məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.