Moldova bu ölkələrlə vizasız rejimi ləğv edir
Dünya
Moldova parlamenti MDB-yə üzv dövlətlərinin vətəndaşları üçün vizasız səfərləri nəzərdə tutan sazişdən çıxmaqla bağlı qərar layihəsini birinci oxunuşda qəbul edib.
News24.az xəbər verir ki, bu barədə parlamentin sədri İqor Qrosu məlumat verib.
Xatırladaq ki, Moldova hökuməti 12 noyabrda MDB çərçivəsində bağlanan yeddi müxtəlif anlaşmadan rəsmən imtina olunmasını təsdiqləyib. Onların sırasında birliyin iştirakçı ölkələri arasında vizasız gediş-gəlişi tənzimləyən saziş də var.
Sözügedən sənəd 9 oktyabr 1992-ci ildə Bişkekdə imzalanıb və bu müddəa MDB ölkələrinin vətəndaşlarına Moldova ərazisində 90 gün müddətində vizasız qalmağa imkan tanıyırdı.
Qanun layihəsini hazırlayan deputatlar qeyd edirlər ki, hazırda Moldova Tacikistan və Qırğızıstan istisna olmaqla, digər bütün MDB ölkələri ilə vizasız rejimi təmin edən ikitərəfli anlaşmalara malikdir.