Moskvada Ermənistanla bağlı qərar veriləcək - Tarix açıqlandı
Dünya
“De-fakto bu gün Ermənistan KTMT çərçivəsində məsələlərin müzakirəsində iştirak etmir. De-fakto Ermənistan öz əməkdaşlarını, hərbçilərini və KTMT Katibliyinin əməkdaşlarını kvota üzrə vəzifələrə göndərmir və artıq üçüncü ildir ki, üzvlük haqlarını ödəmir”.
News24.az xəbər verir ki, bu sözləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Taalatbek Masadıkov deyib.
O bildirib ki, Ermənistan de-yure olaraq hələ də sözügedən təşkilatının üzvüdür.
“Ermənistanın KTMT-dən xaric edilib-edilməməsi barədə qərar Kollektiv Təhlükəsizlik Şurasının qərarıdır. Şuranın üzvləri təşkilata üzv ölkələrin ali baş komandanlarıdır. Bu qərarı onlar verirlər.
Lakin düşünürəm ki, qərar qəbul edilərkən həmişə bütün halları və məqamları nəzərə almaq lazımdır. Əgər Nikol Paşinyan bunu bəyan edibsə, yəqin ki, müxtəlif gündəmlər mövcuddur. Siyasətçilər bəzən bu məsələni gündəmə gətirir, müzakirələrin tonunu yüksəldir, sonra isə məsələni arxa plana keçirirlər”, - deyə Masadıkov bildirib.
Ermənistanın KTMT-dan xaric olunması məsələsinə toxunan Taalatbek Masadıkov nəticənin noyabr ayındakı bəlli olacağını deyib: “Məsələnin bu ilin noyabrında Moskvada Şuranın növbəti iclasında müzakirə olunub-olunmayacağı da sual olaraq qalır. Buna da dövlət başçıları özləri qərar verirlər. Gəlin, hadisələri qabaqlamayaq. Ermənistanın baş naziri Paşinyanın açıqlamalarını eşitdik.
Mən həmişə demişəm ki, təkcə ölkə rəhbərliyinin deyil, həm də müəyyən məsələlərlə bağlı erməni xalqının mövqeyi var. Buna görə də hadisələri qabaqcadan proqnozlaşdırmayaq”.