Moskvada tropik leysan və qasırğa fəsadlar törətdi - VİDEO
Dünya
Rusiyanın paytaxtı Moskvada güclü leysan və qasırğa müşahidə olunub.
News24.az xəbər verir ki, bu barədə SHOT "Telegram" kanalı məlumat yayıb.
Kanalın paylaşdığı kadrlarda paytaxt sakinlərinin küçələrdə qaça-qaça hərəkət etdiyi, çətiri olmayanların isə yağışdan qorunmaq üçün yağışlıqlardan istifadə etdiyi görünür.
Rusiya Fövqəladə Hallar Nazirliyi paytaxtda saat 21:00-dək (Bakı vaxtı ilə 22:00-dək) şimşək çaxacağını, dolu yağacağını və küləyin sürətinin saniyədə 15-20 metrə çatacağını bildirib.
Şəhərin mərkəzində yoldan keçənlər doluya məruz qalıblar. Eyni zamanda, Moskvanın bəzi rayonlarında tropik leysan müşahidə olunub.
Bu arada rusiyalı sinoptik Yevgeni Tişkovets moskvalıları burulğan təhlükəsinə hazır olmağa çağırıb.
"İş həftəsinin sonu daha yağışlı keçəcək. Paytaxta hər kvadratmetrə daha 8-11 litr yağıntı düşəcək, şimşək çaxacaq, bəzi yerlərdə diametri 2 santimetrə çatan dolu yağacaq, həmçinin burulğan ehtimalı var. Buna səbəb meridional istiqamətdə uzanacaq və regionu müxtəlif hava kütlələrinə ayıracaq soyuq cəbhədir", - deyə ekspert sosial şəbəkədə yazıb.
Bundan əlavə, "Ostorojno, novosti" "Telegram" kanalının məlumatına görə, əlverişsiz hava şəraiti nəticəsində "Vinzavod" art-məkanındakı binalardan birinin damı uçub. Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilmir. (Oxu.az)