Moskvaya gedən azərbaycanlıların hər addımı izlənəcək - ŞOK QƏRAR

Moskvaya gedən azərbaycanlıların hər addımı izlənəcək - ŞOK QƏRAR Dünya

Moskvaya və Moskva vilayətinə vizasız rejimlə gələn əcnəbi vətəndaşlar 1 sentyabr tarixindən telefonlarına məcburi qaydada “Amina” mobil tətbiqini quraşdırmalı olacaqlar.

News24.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Amina” tətbiqi miqrantların ölkəyə girişinə və hərəkətlərinə rəqəmsal nəzarət məqsədilə yaradılıb.

Əcnəbilər tətbiq vasitəsilə yaşayış ünvanları və həmin ünvanda dəyişikliklər barədə daxili işlər orqanlarına məlumat verməlidirlər.

2025-ci ilin sentyabrından tətbiqin Moskvaya və Moskva vilayətinə işləmək məqsədilə gələn əcnəbilər tərəfindən quraşdırılması məcburi olub.

Sözügedən ərazilərdə 90 gündən çox işləmək məqsədi daşımayan səbəblərlə qalacaq əcnəbilərin də 2026-cı ilin sentyabrından tətbiqi quraşdırması tələb olunacaq.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, yeni tələb Moskva və Moskva vilayətində təhsil alan tələbələrə, həmçinin Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan və Ukraynadan olan əmək miqrantlarının ailə üzvlərinə şamil ediləcək.

Belarus vətəndaşları, yetkinlik yaşına çatmayanlar, diplomatlar və onların ailə üzvləri, həmçinin beynəlxalq təşkilatların əməkdaşları bu tələbdən azad ediləcək.

Qeyd edək ki, 2025-ci ilin dekabrında Moskvada “Amina” vasitəsilə ötürülməli olan geolokasiya məlumatları olmadığı üçün 139 mindən çox şəxs miqrasiya qeydiyyatından çıxarılıb.

Moskva meri Sergey Sobyanin daha əvvəl bildirib ki, miqrantlara rəqəmsal və biometrik nəzarət sisteminin Rusiyanın 11 regionunda tətbiqi planlaşdırılır.