"Müharibə nə vaxt bitəcək?" sualına belə cavab verdi
Dünya
ABŞ Prezidenti Donald Tramp İrana qarşı bərpa olunan hava zərbələri ilə bağlı açıqlama verərək əməliyyatları "hərbi toqquşma" kimi qiymətləndirib və onların nə vaxt başa çatacağı barədə dəqiq tarix açıqlamayıb.
News24.az xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp ABŞ ordusunun İranın hərbi potensialına ciddi zərbələr endirdiyini bildirib.
"Biz üzərimizə düşən işi görürük. İranın hərbi imkanlarını əhəmiyyətli dərəcədə zəiflətmişik. Lakin onların müəyyən müddət müqavimət göstərməsi mümkündür", – deyə ABŞ prezidenti qeyd edib.
Tramp xatırladıb ki, administrasiyası daha əvvəl əməliyyatların 4-6 həftə ərzində yekunlaşacağını ehtimal etsə də, hazırkı vəziyyətdə qarşıdurmanın uzanmasını narahatedici hesab etmir.
"ABŞ Vyetnamda 19 il qaldı. Burada isə cəmi dörd aydır fəaliyyət göstəririk və düşünürəm ki, bu müddətdə çox mühüm nəticələr əldə etmişik", – deyə o əlavə edib.
ABŞ lideri münaqişənin yekun ssenarisi barədə ətraflı danışmasa da, İranla gələcəkdə razılıq əldə olunmasının mümkün olduğunu bildirib. Bununla yanaşı, Tramp yaxın zamanda belə bir razılaşmanın əldə ediləcəyinə dair nikbin olmadığını da vurğulayıb.