İndoneziyada kütləvi zəhərlənmə: 1700 nəfər…
Dünya
İndoneziyada son üç gündə 1700-dən çox şəxs pulsuz məktəb naharlarını yedikdən sonra zəhərlənib.
News24.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə hakimiyyət və təhsil müəssisələrinin nümayəndələri məlumat veriblər.
Qeyd olunub ki, Mərkəzi Yavadakı Lasem şəhərinin tam orta məktəbində pulsuz nahar yedikdən sonra 777 nəfər (onlardan 752-i şagird və 25-i müəllimidir) xəstələnib. Bu həftə daha üç yaşayış məntəqəsində baş verən ayrı-ayrı insidentlər nəticəsində 950 indoneziyalı qida zəhərlənməsindən əziyyət çəkib.
Agentliyin məlumatına görə, qida zəhərlənməsindən zərər çəkənlərin sayı üç gün ərzində 1700 nəfəri keçib. İndoneziya parlamentinin deputatı Çarlz Honoris bunu "tam bir uğursuzluq" adlandıraraq sentyabrın 1-nə olan məlumata görə, bu dövlət proqramı çərçivəsində 50 min qida zəhərlənməsi halının qeydə alındığını bildirib.
Qeyd olunub ki, İndoneziya Prezidenti Prabovo Subianto on milyonlarla uşağın qida rasionunu yaxşılaşdırmaq üçün ötən il 12,94 milyard dollar dəyərində pulsuz qidalanma proqramına start verib, lakin bahalı proqramın icraçıları bu kimi halların yaşanmasına gətirib çıxaran korrupsiya və rəhbərliyin tez-tez dəyişdirilməsində ittiham olunurlar. (Report)