Netanyahu Trampı özündən çıxardı: "Dəlisən!"

Netanyahu Trampı özündən çıxardı: "Dəlisən!" Dünya

ABŞ Prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında Livandakı eskalasiya məsələsinə görə ona qəzəblənib və “dəli” deyib.

News24.az xəbər verir ki, Tramp baş nazirə sərt iradlar bildirib. İki mənbənin bildirdiyinə görə, ABŞ lideri onu nankorluqda ittiham edib və Beyruta zərbə endirilməsi planının qarşısını alıb.

ABŞ rəsmilərindən birinin bildirdiyinə görə, Tramp Netanyahuya bildirib ki, onun Beyrutu bombalamaqla bağlı təhdidləri İsraili beynəlxalq aləmdən daha da təcrid edəcək: “Tamam dəli olmusan. Mən olmasaydım, indi həbsxanadaydın. (Bu, Netanyahunun korrupsiya işi üzrə məhkəmə prosesi zamanı göstərilən dəstəyə işarədir). Səni xilas etdim. İndi isə hamı sənə nifrət edir. Buna görə hamı İsrailə də nifrət edir”.

Danışıq barədə məlumatlı olan digər mənbə isə bildirib ki, Tramp çox qəzəbli olub və hətta Netanyahuya “Sən nə edirsən?” deyə qışqırıb.

Amerika rəsmisi qeyd edib ki, Tramp “Hizbullah”ın İsrailə atəş açdığını və bu ölkənin özünü müdafiə etməli olduğunu anlayır. Lakin son günlər o, Netanyahunun vəziyyəti daha da gərginləşdirdiyi qənaətinə gəlib.

Qeyd edək ki, bazar ertəsi İran İsrailin Livandakı hərəkətlərinə görə ABŞ ilə danışıqları dayandıra biləcəyi barədə xəbərdarlıq etmişdi. /Axios/