Netanyahunun məhkəmə sınağı davam edir

Netanyahunun məhkəmə sınağı davam edir Dünya

Məhkəmə Netanyahunun tələbini rədd etdiı. Baş nazir korrupsiya işi üzrə ifadə verməlidir.

News24.az xəbər verir ki, Qüds Dairə Məhkəməsi Baş nazir Benyamin Netanyahunun korrupsiya işi üzrə iclas saatlarının dəyişdirilməsi və prosesin qısaldılması ilə bağlı müraciətini təmin etməyib.

Netanyahunun vəkili Amit Hadad məhkəmədən “1000 nömrəli” iş üzrə ifadəvermənin saat 09:30-dan 12:30-a keçirilməsini və iclasın 16:00-da başa çatdırılmasını xahiş edib. Müdafiə tərəfi bunu Baş nazirin “gərgin qrafiki” ilə əsaslandırsa da, məhkəmə sədri Rivka Fridman Feldman arqumentləri kifayət qədər əsaslı saymayaraq vəsatəti rədd edib.

Xatırladaq ki, aprelin 27-də iki aylıq fasilədən sonra keçirilməsi planlaşdırılan məhkəmə iclası başlamasına az qalmış təhlükəsizlik səbəbləri ilə təxirə salınmışdı. Netanyahu daha əvvəl də müxtəlif səbəblərlə proseslərin təxirə salınmasına nail olmuşdu.

Qeyd edək ki, Benyamin Netanyahu “1000”, “2000” və “4000” nömrəli işlər üzrə rüşvət, dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə mühakimə olunur. Təxminən altı ildir davam edən proses çərçivəsində o, 2025-ci ilin noyabrında İsrail Prezidenti İsaak Hersoqa əfv üçün müraciət edib. ABŞ Prezidenti Donald Trampın da onun əfvi ilə bağlı Prezident Hersoqa məktub göndərdiyi bildirilir.

Netanyahunun hüquqi problemləri yalnız daxili işlərlə məhdudlaşmır. Beynəlxalq Cinayət Məhkəməsi 21 noyabr 2024-cü ildə Qəzza zolağında törədilən müharibə və insanlıq əleyhinə cinayətlərə görə Netanyahu və sabiq müdafiə naziri Yoav Qallant barəsində həbs orderi verib.

Qəzzada humanitar vəziyyət isə ağır olaraq qalır. Son məlumatlara görə, 2023-cü ilin oktyabrından bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində 72 min 599 nəfər həyatını itirib. Atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən sonra da davam edən hücumlar nəticəsində 823 nəfər həlak olub, minlərlə insan yaralanıb. (Kanal 12)

Nilufər