Netanyahunun məhkəsi növbəti dəfə təxirə salındı
Dünya
İsrail məhkəməsi baş nazir Benyamin Netanyahunun bu günə planlaşdırılan dinləmələrini təxirə salıb.
News24.az xəbər verir ki, qərar müdafiə tərəfinin təhlükəsizlik məsələləri ilə məşğul olması ilə əsaslandırılıb. Baş nazirin vəkili 4 may tarixinə nəzərdə tutulan dinləmələrin ləğvini gecə saatlarında keçirilən təhlükəsizlik məsləhətləşmələri və hərbi-siyasi kabinet iclasları ilə əlaqələndirib.
Bildirilib ki, əvvəlcə 3 may axşamına planlaşdırılan kabinet iclası 4 may axşamına keçirilib, daha sonra isə tamamilə ləğv olunub.
Qeyd olunur ki, Netanyahunun 4 may üçün nəzərdə tutulan iş qrafiki müdafiə tərəfi tərəfindən məhkəməyə möhürlənmiş zərfdə təqdim edilib.
Xatırladaq ki, baş nazir 700 min şekeldən (təxminən 230 min dollar) artıq dəyərdə qanunsuz hədiyyələr qəbul etməkdə, o cümlədən siqar və şampan almaqda, media tənzimləmələrinə təsir göstərmək müqabilində əlverişli işıqlandırma təmin etməkdə və rüşvət almaqda ittiham olunur.
Təl-Əviv və Qüds məhkəmələrində proses 2020-ci ildən davam edir. Netanyahu ittihamları rədd edir və məhkəmədə ifadə verməyə 2024-cü ilin dekabrında başlayıb.