"Netflix"-də qalmaqal: Nümayiş olunmamış film yoxa çıxdı
Dünya
"Fortitude" ("Möhkəmlik") casus filminin rejissor və prodüserləri “Netflix”-ə qarşı 105 milyon dollar məbləğində iddia qaldırıblar.
News24.az xəbər verir ki, onlar şirkəti hələ nümayiş olunmamış filmin əsas nüsxəsini itirməkdə ittiham edirlər.
Məhkəmə materiallarına əsasən, prodüserlərdən biri filmin şifrələnməmiş əsas nüsxəsini potensial alıcıya nümayiş etdirilməsi üçün sərt diskdə şəxsən “Netflix” əməkdaşlarına təqdim edib.
Şirkət nümayəndələrinə baxışdan dərhal sonra bütün faylların silinməsi tapşırılıb.
Lakin bir müddət sonra “Netflix”-in rəhbərliyi ofisdə əməkdaşların masalarının üzərində olan disklərin oğurlandığını bildirib.
Filmin yaradıcıları hesab edirlər ki, nüsxənin itməsi layihənin gələcəyini təhlükə altına qoyub.
Onların fikrincə, studiyalar pirat versiyanın internetə sızacağı ehtimalına görə filmin yayım hüquqlarını almaqdan imtina edə bilərlər.
İddiaçılar bildirirlər ki, eksklüzivliyin itirilməsi filmin bazar dəyərini ciddi şəkildə azaldıb.
Qeyd edək ki, "Fortitude" filmi yeddi ildən artıq müddətdə çəkilib və istehsalına 45 milyon dollar xərclənib. Film İkinci Dünya müharibəsi dövründə müttəfiqlərin "Fortitude" əməliyyatı adlı məxfi missiyasından bəhs edir.
Ekran işində Nikolas Keyc, Ben Kinqsli, Ron Perlman və başqa aktyorlar rol alıblar.