Oliqarx və ailəsinə sui-qəsd anı - VİDEO
Dünya
Monakoda ukraynalı oliqarx Vadim Yermolayev və ailəsinə qarşı sui-qəsd cəhdinin videosu yayılıb.
News24.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Vadim Yermolayevin Monakodakı mənzilinin qapısının qarşısında quraşdırılmış kameradan görüntüləri bərpa edib.
Görüntülərdə sui-qəsd icraçısı Anastasiya Berezovskayanın evin qapısı qarşısında bir çanta qoyub, dərhal oradan uzaqlaşdığı görünür. Daha sonra Yermolayevin özü, oğlu və həyat yoldaşı küçə ilə yuxarı qalxır, qapıya yaxınlaşdıqda partlayış baş verir. Partlayışı icraçının bombaidarəedici ilə törətdiyi görünür.
Uğursuz sui-qəsd cəhdinin törədicisi həmin vaxt yaxınlıqda, partlayış yerindən cəmi bir neçə metr aralıda olub.
Ukrayna Baş prokuroru Ruslan Kravçenkonun sözlərinə görə, şübhəlilər videonu məhv etməyə cəhd edib.
Cinayətkarlar əmrin icrasının təsdiqini almaq üçün kameranı əvvəlcədən quraşdırıblar.
Qeyd edək ki, iyunun 29-da Monakoda ukraynalı iş adamı, “Alef” korporasiyasının təsisçisi və Dnepr şəhərinin ən iri tikinti şirkətlərindən birinin sahibi Vadim Yermolayev, onun arvadı və 13 yaşlı övladı sui-qəsd cəhdinə məruz qalıb. Hər 3-ü yaralansa da, ölən olmayıb.
Yermolayev özü bu hadisədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsini ittiham edir.
Hadisəni törətməkdə şübhəli bilinən əsas şəxsin Kiyevdə ölü tapıldığı haqda da məlumat yayılmışdı. (axar.az)