İordaniya GTA 6-nı qadağan etməyə hazırlaşır – Səbəb

İordaniya GTA 6-nı qadağan etməyə hazırlaşır – Səbəb Dünya

İordaniya hakimiyyəti “Grand Theft Auto VI”nın (GTA 6) ölkədə qadağan edilməsini planlaşdırır.

News24.az xəbər verir ki, İordaniyanın telekommunikasiya tənzimləyicisi gənc nəslin zərərli məzmundan qorunması məqsədilə oyunun bloklanması ilə bağlı müvafiq qurumlarla məsləhətləşmələr aparır. Komissiyanın sədri Lara Əl-Xətib bildirib ki, hazırda qadağanın yekunlaşdırılması və tətbiqi mexanizmləri üzərində iş gedir.

Qurumun əsas narahatlığı oyunun böyüklər üçün nəzərdə tutulmasına baxmayaraq, yetkinlik yaşına çatmayanların da ona maneəsiz çıxış əldə edə bilməsidir. Bildirilib ki, mövcud rəqəmsal sistemlərdə uşaqların oyunu satın almasının və yükləməsinin qarşısını alan kifayət qədər ciddi məhdudiyyətlər yoxdur.

Əl-Xətib qeyd edib ki, videooyun sənayesi son on ildə ciddi dəyişikliklərə məruz qalıb. Müasir oyunlar artıq, sadəcə əyləncə vasitəsi deyil, dünyanın müxtəlif ölkələrindən olan insanların ünsiyyət qurduğu böyük onlayn platformalara çevrilib. Bu isə uşaqlar və yeniyetmələr üçün arzuolunmaz ünsiyyət və digər riskləri artırır.

GTA 6 ilə bağlı narahatlıqlar təkcə İordaniya ilə məhdudlaşmır. Birləşmiş Ərəb Əmirliklərinin Narkotiklərlə Mübarizə Agentliyi də oyunla bağlı xəbərdarlıq yayıb. Qurum xüsusilə narkotik istifadəsi və cinayətkar fəaliyyətləri əks etdirən səhnələrin uşaqlar və yeniyetmələrə mümkün təsirindən narahatlığını ifadə edib.