Pakistan Hindistanı müharibə ilə hədələdi
Dünya
Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif bildirib ki, Hindistan Hind çayının sularının birgə istifadəsinə dair sazişin şərtlərini pozaraq Pakistanı su təhlükəsizliyi ilə təhdid edərsə, bu, iki ölkə arasında müharibəyə səbəb ola bilər.
News24.az xəbər verir ki, bu barədə “ARY News” telekanalı məlumat yayıb.
“Milli təhlükəsizliyimiz təhdid altına düşərsə və bu təhlükə su ehtiyatlarımızla bağlı olarsa, Hindistanla müharibəyə başlayacağıq. Buna heç bir şübhə yoxdur”, – deyə bildirib.
Xavaca Məhəmməd Asif qeyd edib ki, əgər Hindistanın Pakistanın su təchizatını pozmağa yönəlik addımlar atdığı və sudan təzyiq vasitəsi kimi istifadə etdiyi barədə konkret sübutlar ortaya çıxarsa, İslamabad hərbi müdaxilə variantını da nəzərdən keçirəcək.
Nazirin sözlərinə görə, Pakistan su ehtiyatlarını milli təhlükəsizliyin ayrılmaz hissəsi hesab edir və bu sahədə yaranacaq ciddi təhdidlərə qarşı qətiyyətli tədbirlər görməyə hazırdır.