Pakistanda 20 yaşlı qadın təcavüzə uğradı
Dünya
Pakistanın Lahor şəhərində 20 yaşlı azərbaycanlı qadın üç kişi tərəfindən təcavüzə uğrayıb.
News24.az xəbər verir ki, bu barədə “Times of India” Pakistan polisi və PTI agentliyinə istinadən məlumat yayıb.
Hadisə sentyabrın 25-də baş verib.
Bakıdan Pakistana biznes məqsədilə gedən qadını həmin axşam iki həmcinsi kafeyə aparıb.
Polisin məlumatına görə, saat 23:00 radələrində kafeyə üç kişi gəlib və onlar qadınları avtomobillə evlərinə aparmağı təklif ediblər.
Lakin kişilər azərbaycanlı qadını Lahorun Müdafiə Yaşayış Kompleksi adlanan ərazidə bir mənzilə aparıblar.
İddiaya görə, burada qadına narkotik maddə verilib və üç kişi ona qarşı cinsi zorakılıq törədib.
Daha sonra onu Lahorun Qazi qovşağı yaxınlığında küçəyə atıblar. Şübhəlilərin qadının “iPhone” markalı telefonunu da əlindən alıblar.
Polis əməkdaşı Anjum Bəşirin sözlərinə görə, qadın Pakistana gəldikdən sonra Lahorun Rayvind ərazisində məskunlaşıb.
Polis hadisə ilə bağlı üç kişi barəsində cinayət işi açıb və əsas şübhəlinin şəxsiyyəti müəyyənləşdirilib.
Hazırda onların saxlanılması üçün əməliyyatlar keçirilir. Şübhəlilərin ölkədən çıxmasının qarşısını almaq məqsədilə adları xüsusi nəzarət siyahısına salınıb.
Hadisədə istifadə edildiyi iddia olunan avtomobil əsas şübhəlinin qohumunun evindən tapılıb.
Polis həmçinin qadını kafeyə aparan iki qadının hadisədə mümkün rolunu araşdırır.
Zərərçəkənin tibbi müayinədən keçirildiyi və Pakistan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə araşdırma başladıldığı bildirilir.