Pakistanda güclü yağış səbəbindən 100-dən çox insan ölüb

Pakistanda güclü yağış səbəbindən 100-dən çox insan ölüb Dünya

Pakistanın Milli Fəlakətlərlə Mübarizə İdarəsinin məlumatına görə, iyunun 26-dan etibarən ölkədə leysan nəticəsində azı 109 nəfər ölüb, 362 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, təbii fəlakətin əsas zərbəsi ölkənin şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətinə dəyib. Musson yağışı nəticəsində burada 55 nəfər həyatını itirib. Şərqdəki Pəncab əyalətində isə 36 ölüm faktı qeydə alınıb.

Su axınları təxminən 800 binaya ziyan vurub. Onlardan 200-dən çoxu tamamilə dağılıb. İyunun sonundan etibarən ölkədə 148 xilasetmə əməliyyatı keçirilib və təxminən 4 min nəfər təhlükəli ərazilərdən çıxarılıb.