Paşinyan Rusiyanı hədələdi
Dünya
Ermənistan hökuməti Rusiya ilə ölkənin dəmir yollarının konsessiya idarəçiliyinə dair sazişi ləğv etmək üçün hüquqi əsaslara malikdir.
News24.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, hökumətin bunun üçün həm hüquqi imkanları, həm də əsaslandırması var. Onun sözlərinə görə, məsələ yalnız siyasi qərarın qəbul edilməsindən asılıdır.
“Əgər bu gün konsessiya sazişinin ləğvi ilə bağlı siyasi qərar qəbul etsək, bunun üçün hüquqi əsaslar mövcuddur. Məsələ siyasi qərardadır”, – Paşinyan deyib.
Bununla belə, baş nazir Ermənistanın bu yola getmək istəmədiyini vurğulayıb. O bildirib ki, İrəvan məsələnin dostluq yolu ilə həllinə üstünlük verir.
Paşinyanın sözlərinə görə, Ermənistan Rusiyadan dəmir yollarının konsessiya hüququnu həm Rusiya, həm də Ermənistan üçün məqbul olacaq üçüncü ölkəyə satmasını istəyir.
Qeyd edək ki, daha əvvəl Paşinyan konsessiya hüququnun təxminən 400 milyon dollara satılmasının mümkün olduğunu bildirmişdi. Onun sözlərinə görə, Rusiya tərəfindən idarəçiliyin davam etdirilməsi Ermənistanın beynəlxalq dəmir yolu şəbəkələrinə inteqrasiya imkanlarını məhdudlaşdırır.
Paşinyan həmçinin bildirib ki, sentyabrın 1-də Rusiya prezidenti Vladimir Putinlə görüşündə dəmir yolları məsələsi müzakirə olunub. Tərəflər problemin həll edilməsinin vacibliyi barədə qarşılıqlı anlaşmaya gəliblər.
Hazırda Ermənistanda fəaliyyət göstərən “Cənubi Qafqaz Dəmir Yolları” şirkəti Rusiyanın “Rusiya Dəmir Yolları” şirkətinin 100 faiz törəmə müəssisəsidir. Şirkət Ermənistanın dəmir yolu sistemini 2008-ci ildə bağlanmış konsessiya sazişi əsasında idarə edir. Saziş 30 il müddətinə imzalanıb və daha 10 il uzadılması mümkündür.