Paşinyan Tsarukyana səsləndi: "Gəlsin görək, kim şirdir, kim pişikdir"
Dünya
Ermənistanın Vətəndaş Müqaviləsi Partiyasından baş nazirliyə namizəd Nikol Paşinyan “Ermənistan seçir” adlı seçkiqabağı debatlar zamanı televiziya studiyasında iştirak etməyən Qaqik Tsarukyanla qiyabi polemikaya girib.
News24.az xəbər verir ki, Paşinyan Tsarukyanın ona qarşı qaldırdığı məhkəmə iddiasından xəbərdar olduğunu bildirib.
Həmin iddiada “Çiçəklənən Ermənistan” partiyasının lideri ona “soyğunçu” deyilməsinə etiraz edib.
“Qaqik Tsarukyana qarşı iddia qaldırılıb. Təxminən 300 milyon dollar dəyərində əmlakının qanunsuz yolla, yəni xalqdan oğurlanaraq əldə edildiyi bildirilir. Qoy bura gəlsin və bu 300 milyon dollar xalqdan necə və hansı yolla oğurlandığını izah etsin”, – deyə Paşinyan bildirib.
Debatlarda iştirak etməyən Tsarukyana müraciət edən Paşinyan onun partiyaların birinci şəxslərinin debatına qatılmamasından da gileylənib.
“Ancaq lovğalanmağı bacarırsan. Mən onu dəvət edirəm, gəlsin. Hansısa şirlərdən danışır. Qoy gəlsin, görək burada kim şirdir, kim pişikdir”, – deyə Paşinyan əlavə edib.
Xatırladaq ki, daha əvvəl Qaqik Tsarukyan Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb. O, mayın 28-də keçirilən brifinq zamanı ünvanına səsləndirilən bir sıra fikirlərin təkzib olunmasını tələb edir. Bunlar arasında onun “cinayətkar”, “casus”, “agent”, “cinayətkar sövdələşmənin iştirakçısı”, “Ermənistan xalqını qarət edən şəxs”, eləcə də, “Andranik Tevanyanı xarici xüsusi xidmət orqanının göstərişi ilə “Çiçəklənən Ermənistan”ın siyahısına daxil edən şəxs” adlandırılması da var.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə 16 partiya və 2 blok iştirak edəcək. /Sputnik Ermənistan/