Paşinyan yeni Konstitusiyanı təqdim etdi
Dünya
Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında ölkənin yeni Konstitusiya layihəsini dərc edib.
News24.az xəbər verir ki, Paşinyan bunun üçün xüsusi hazırlanmış internet səhifəsinin linkini paylaşıb.
Baş nazirin daha əvvəl də dediyi kimi, Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinad yer almayıb.
Layihənin preambulasında deyilir:
“Biz, Ermənistan Respublikasının xalqı, dövlətçiliyimizin davamlılığını və inkişafını təmin etmək, beynəlxalq səviyyədə tanınmış ərazimizdə firavan dövlət qurmaq və bu missiyanı nəsildən-nəslə ötürmək məqsədilə Ermənistan Respublikasının Konstitusiyasını qəbul edirik”.
Layihədə həmçinin qeyd olunur ki, Konstitusiya daxili və xarici münasibətlərin əsas prinsipləri ilə bağlı kollektiv razılaşmadır.
Paşinyan paylaşımında Ermənistan vətəndaşlarına müraciət edərək bildirib:
“Əziz xalqım, əziz Ermənistan Respublikası vətəndaşları!
Yeni Konstitusiya layihəsini xüsusi olaraq bu məqsədlə yaradılmış internet səhifəsində təqdim etməkdən məmnunam.
Sayt hər bir vətəndaşın yeni Konstitusiya layihəsini rahat şəkildə oxuması və öz təkliflərini təqdim etməsi üçün yaradılıb.
Saat 10:00-da canlı yayımda müraciətlə çıxış edəcəyəm.
Bu, sənin Konstitusiyandır”, – deyə Paşinyan yazıb.