Pavel Durov beynəlxalq axtarışa verildi

Pavel Durov beynəlxalq axtarışa verildi Dünya

"Telegram" mesencerinin yaradıcısı Pavel Durov beynəlxalq axtarışa verilib.

News24.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

FTX-nin məlumatına görə, Durova qarşı Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsi (terror fəaliyyətinə yardım) ilə ittiham irəli sürülüb.

İddia olunur ki, Ukrayna xüsusi xidmət orqanları "Telegram" mesencerində fəaliyyət göstərən "Dayvinçik/Leo – tanışlıq, ünsiyyət və yeni dostlar" çat-botundan istifadə edərək gənc Rusiya vətəndaşlarını təxribat və terror fəaliyyətinə cəlb ediblər.

Qurumun məlumatına əsasən, 2025-ci ilin iyul ayından etibarən Moskva, Sankt-Peterburq və digər şəhərlərdə yaşı 12–22 arasında olan 46 Rusiya vətəndaşı saxlanılıb.

İddia edilir ki, onlar sözügedən çat-bot vasitəsilə Ukrayna xüsusi xidmət orqanları tərəfindən cəlb olunaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlar, nəqliyyat və rabitə obyektlərinin yandırılması da daxil olmaqla müxtəlif təxribatlar törədiblər.

Cinayət məsuliyyəti yaşına çatmış şəxslərə ittiham irəli sürüldüyü və onları uzunmüddətli həbs cəzalarının gözlədiyi bildirilir.

Məlumata görə, Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları çatda qız adı ilə qeydiyyatdan keçir, gənclərdən fişinq keçidləri vasitəsilə kino biletləri və ya hədiyyələrin pulunu ödəməyi xahiş edir. Daha sonra isə həmin vəsaitin guya Ukrayna Silahlı Qüvvələrinin hesabına köçürüldüyünü bildirərək onları şantaj edir və müxtəlif hücumlar və yanğınlar törətməyə sövq ediblər.

Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsinə əsasən, Pavel Durov təqsirli hesab ediləcəyi halda onu 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası gözləyə bilər.