Pensilvaniyada səkkiz nəfəri qətlə yetirən şəxs intihar etdi

Pensilvaniyada səkkiz nəfəri qətlə yetirən şəxs intihar etdi Dünya

“Əməkdaşlarımızın həmin evdə qarşılaşdıqları mənzərənin təfərrüatlarını müzakirə etməyəcəyəm”. Polis rəisi Rik Lorahın mətbuat konfransı zamanı səsləndirdiyi bu sözlər oktyabrın 9-da, cümə günü Pensilvaniya ştatının İri şəhərindəki evdə hüquq-mühafizə orqanlarının əməkdaşlarının aşkar etdikləri mənzərənin dəhşətini göstərir.

News24.az xəbər verir ki, bir neçə atəş səsindən sonra hadisə yerinə gələn ilk iki polis əməkdaşı həyətdə iki nəfərin meyitini aşkar edib. Daha sonra əraziyə baxış keçirmək üçün pilotsuz uçuş aparatı və robotdan istifadə olunub. Birinci mərtəbədə daha bir neçə meyit, o cümlədən beş yaşlı oğlan uşağının və bir yaşlı qızın cəsədləri tapılıb. Pilləkən qəfəsində daha dörd nəfərin meyiti aşkarlanıb. Daha sonra polis əməkdaşları ikinci mərtəbədə əsas şübhəlinin meyitini tapıblar. Ümumilikdə, doqquz nəfərin meyiti aşkar edilib ki, onlardan səkkizi eyni ailənin üzvləri olub.

Atışmanın motivi hələlik məlum deyil. Bununla belə, İri şəhərinin polis rəisi Rik Lorah mətbuat konfransında mümkün versiyalardan biri kimi şübhəlinin psixi sağlamlığı ilə bağlı problemləri də qeyd edib. Hazırda müstəntiqlər qurbanların yaxınlarını dindirməli və evin qarşısında öldürülən iki qadının mobil telefonlarını təhlil etməlidirlər. The Guardian nəşrinin yazdığına görə, şübhəli nəvələri olan bir baba idi və yaxınlarının sözlərinə əsasən, onda əvvəllər heç vaxt qeyri-sabit psixoloji vəziyyət əlamətləri müşahidə edilməyib.

Müstəntiqlərin araşdırdığı video və audio yazılara əsasən, əvvəlcə evin içərisindən bir neçə boğuq atəş səsi eşidilib. Bir qədər sonra aşkar şəkildə kömək istəyən iki qadın qapının qarşısına gələrək qapını döyüblər. Ehtimal olunur ki, kişi bundan sonra evdən çıxaraq qadınlara atəş açıb, daha sonra isə yenidən evə qayıdıb.

İri şəhərinin meri Daria Devlin şənbə günü mətbuat konfransında qurbanların ailələrinə başsağlığı verib və bütün şəhər ictimaiyyətinin onların dərdinə şərik olduğunu bildirib.

Faciənin miqyasına görə Pensilvaniya ştatının qubernatoru Coş Şapiro da hadisəyə münasibət bildirib. O, X sosial şəbəkəsindəki paylaşımında qurbanların yaxınları üçün “dua etdiyini” qeyd edib.