Perunun devrilmiş prezidentinin qızı dövlət başçısı oldu

Perunun devrilmiş prezidentinin qızı dövlət başçısı oldu Dünya

Keyko Fuximori Peruda keçirilən prezident seçkilərində sağçı "Xalq Gücü" Partiyasının namizədi kimi qalib gəlib.

News24.az xəbər verir ki, bu barədə Perunun Milli Seçki Prosesləri İdarəsi məlumat yayıb.

Qurumun rəsmi məlumatına görə, seçki bülletenlərinin 100 faizi hesablandıqdan sonra Keyko Fuximori 9 milyon 223 min 396 seçicinin dəstəyini qazanaraq səslərin 50,135 faizini toplayıb.

Onun əsas rəqibi, "Peru naminə birlikdə" siyasi təşkilatını təmsil edən Roberto Sançes isə 49,865 faiz səs toplayıb. Ona 9 milyon 173 min 755 seçici səs verib.

Keyko Fuximori ölkə tarixində demokratik seçkilər yolu ilə prezident seçilən ilk qadın olub.

Keyko Fuximori iyulun 28-də beş illik müddətə prezident vəzifəsinin icrasına başlayacaq. O, son on ildə Peru prezidenti postunu tutan doqquzuncu şəxs olacaq.

Yeni seçilmiş prezident Keyko Fuximorinin atası Alberto Fuximori 1990–2000-ci illərdə Perunun prezidenti olub. Hakimiyyəti dövründə o, Konqresi buraxmaq və yeni Konstitusiyanın qəbulu ilə səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirib.

Alberto Fuximori ölkədə fəaliyyət göstərən maoçu və marksist-leninçi silahlı qruplara qarşı mübarizə aparıb. Bu mübarizə çərçivəsində hökumət qüvvələri üsyançıları dəstəkləyən yerli əhaliyə qarşı zorakılıq tətbiq edib və toplama düşərgələrindən istifadə edib.

2000-ci ildə onun partiyasında korrupsiya faktlarını təsdiqləyən sübutlar ortaya çıxdıqdan sonra o, ölkəni tərk edib və parlamentin qərarı ilə hakimiyyətdən uzaqlaşdırılıb.

O, 2005-ci ildə isə Çilidə həbs olunub və iki il sonra Peruya ekstradisiya edilib.

Həmin il də vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. 2009-cu ildə isə korrupsiya və insanlığa qarşı cinayətlərə görə 25 il həbs cəzası alıb.

2022-ci ilin yazında Perunun Konstitusiya Məhkəməsi Alberto Fuximorinin əfv olunması barədə qərar çıxarsa da, bu qərar icra edilməyib. /RBC/

2023-cü il dekabrın 5-də məhkəmə onun dərhal azadlığa buraxılması barədə yeni qərar qəbul edib.

Bundan sonra Milli Penitensiar İnstitut (Ədliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurum) sabiq prezidenti azadlığa buraxıb.

Alberto Fuximori 2023-cü il dekabrın 7-də, 16 il həbsdə qaldıqdan sonra azadlığa çıxıb. O, 2024-cü ilin sentyabrında 86 yaşında xərçəng xəstəliyindən vəfat edib.