Pezeşkianın oğlunun Azərbaycan dilində danışması müzakirə yaratdı - Video
Dünya
Ötən gün İran prezidenti Məsud Pezeşkianın oğlu və media müşaviri Yusif Pezeşkian Şərqi Azərbaycan əyalətinin məsul şəxsləri ilə görüş keçirib.
News24.az xəbər verir ki, görüş zamanı Yusif Pezeşkianın Azərbaycan dilində danışması sosial şəbəkələrdə geniş müzakirələrə və tənqidlərə səbəb olub.
O, çıxışında hökumətin fəaliyyətinə yönələn tənqidlərə toxunaraq bildirib ki, yalnız tənqid edənlər deyil, hökumətin fəaliyyətinə kömək edə biləcək şəxslər də önə çıxmalıdır.
Bir sıra istifadəçilər Yusif Pezeşkianın hansı əsasla media müşaviri vəzifəsinə təyin edildiyini və rəsmi tədbirdə ölkənin rəsmi dilindən fərqli dildə danışmasının səbəbini sorğulayıblar.
Bununla yanaşı, bəzi istifadəçilər yerli görüşlərdə bölgə əhalisinin dilindən istifadə edilməsini normal hesab edərək Yusif Pezeşkiana yönələn tənqidlərə qarşı çıxıblar.