Polşa hökuməti səfərbər oldu: vətəndaşlar orduya hazırlanır
Dünya
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, ölkə bütün vətəndaşlar üçün genişmiqyaslı könüllü hərbi hazırlıq proqramına start verir.
News24.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
“Biz İkinci Dünya müharibəsindən bəri ən təhlükəli dövrdə yaşayırıq. Sərhədlərimizin o tərəfində müharibə gedir, Baltik dənizində diversiyalar baş verir, kiberməkanda isə döyüşlər aparılır”, – deyə nazir bildirib.
Proqram dörd birgünlük moduldan ibarətdir: təhlükəsizlik əsasları, sağ qalma bacarıqları, ilk tibbi yardım və kibermüdafiə. Təlimlər həftəsonları keçiriləcək və onlara xüsusi mobil tətbiq vasitəsilə qeydiyyatdan keçmək mümkündür. Bu kurslar hərbi xidmətlə eyniləşdirilmir və iştirakçılardan and içmək tələb olunmur.
“Hazırıqda” (“W gotowości”) adlanan proqram noyabrın 22-də başlayacaq və 2026-cı ilə qədər təxminən 400 min nəfəri əhatə etməsi planlaşdırılır. Layihə məktəblilərdən tutmuş təqaüdçülərə qədər bütün yaş qrupları üçün nəzərdə tutulub.