Polşada F-16 qırıcıları ilə bağlı pilot çatışmazlığı iddialarına cavab verildi
Dünya
Polşanın Milli Müdafiə Nazirliyi ABŞ-dan alınan F-16 qırıcı təyyarələrini idarə etmək üçün pilot çatışmazlığı yaşandığı barədə yayılan məlumatları təkzib edib.
News24.az xəbər verir ki, müdafiə qurumunun nümayəndələri pilotların sayı ilə bağlı məlumatların ictimaiyyətə açıqlanmadığını bildiriblər.
Bundan əvvəl mediada Polşanın F-16 qırıcılarını idarə etmək üçün kifayət qədər pilotunun olmadığı barədə xəbərlər yayılmışdı. İddialara görə, bu təyyarələrin istismarı üçün təxminən 70 pilot tələb olunsa da, hazırda onların sayı cəmi 40 nəfərdir.
Polşa Müdafiə Nazirliyindən isə məsələ ilə bağlı konkret rəqəmlər açıqlanmayıb. Rəsmilər pilot heyətinə dair məlumatların ictimaiyyət üçün nəzərdə tutulmadığını vurğulayıblar.
Qeyd edək ki, Polşa Müdafiə Nazirliyinin ABŞ nümayəndələrinə ölkə ərazisində daimi Amerika hərbi bazasının yerləşdirilməsi üçün dörd mümkün məkan təklif etdiyi də bildirilir.