Qadın dostunun dəfn mərasimində güllələnərək öldürüldü - Bu ölkədə
Dünya
Kolumbiyanın Kukuta şəhərində baş verən silahlı hücum nəticəsində 34 yaşlı Sindi Oçoa Lizkano öldürülüb. O, qətlə yetirilən dostunun dəfn mərasimində iştirak edərkən motosikletli naməlum şəxs tərəfindən güllələnib.
News24.az xəbər verir ki, hadisə oktyabrın 14-də baş verib. Hücum edən şəxs qadına azı səkkiz dəfə atəş açıb. Ağır yaralanan qadın xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Atışma zamanı dəfn mərasimində iştirak edən daha iki nəfər də yaralanıb. Onlardan biri qadın, digəri isə kişidir.
Həmin gün mərasimdə oktyabrın 11-də El Salado məhəlləsində güllələnərək öldürülən 22 yaşlı Nataliya Alarkonun nəşi torpağa tapşırılırdı. Məlumata görə, Alarko ölümündən bir müddət əvvəl La Modelo həbsxanasında məhbuslardan birini ziyarət edib.
Qeyd olunur ki, hücum zamanı öldürülən Sindi Oçoa Lizkano elektron qolbaq daşıyırmış. O, qanunsuz silah saxlamaqda şübhəli sayıldığına görə ev dustaqlığında olub. Onun cinayətkar təşkilatla əlaqələrinin olması ehtimalı da araşdırılırmış.
Qadının vəkili Dieqo Leon bildirib ki, müvəkkilinə qarşı təhdidlər səbəbindən elektron qolbağın çıxarılması üçün müraciət etməyi planlaşdırıb. Lakin prokurorluq nümayəndəsi bununla bağlı dinləməyə gəlməyib.