"Qanlı yağış" yağacaq - Xəbərdarlıq edildi
Dünya
İsveçrənin Paul Scherrer İnstitutunun alimləri Avropanın atmosferində mineral toz hissəciklərinin sürətlə artdığını müəyyən ediblər.
News24.az xəbər verir ki, tədqiqatçılar süni intellekt vasitəsilə 18 500-dən çox ölçməni təhlil edərək son illərdə havadakı toz konsentrasiyasında nəzərəçarpacaq artım aşkar ediblər.
Araşdırmaya görə, 2012–2021-ci illər ərzində Böyük Britaniyada atmosferdə qeydə alınan mineral tozun miqdarı ən azı iki dəfə artıb. Mütəxəssislər bunun səbəbini fırtınaların çoxalması ilə deyil, Şimali Afrikada quraqlığın güclənməsi və səhradan havaya daha çox qum hissəciklərinin qalxması ilə əlaqələndirirlər.
Məhz bu hissəciklər Avropada bəzən müşahidə olunan narıncı rəngli gün batmalarına, eləcə də avtomobillərin üzərində "qan yağışı" kimi tanınan qırmızımtıl toz qatının yaranmasına səbəb olur.
Alimlər bildirirlər ki, problem təkcə vizual təsirlərlə məhdudlaşmır. Xırda toz hissəcikləri ağciyərlərə nüfuz edərək öskürək, tənəffüs yollarının qıcıqlanması, astma tutmaları və nəfəs darlığı kimi sağlamlıq problemlərinə yol aça bilər.