Qədim tanrıların məkanı üçün taleyüklü müzakirə: tarixi qərar veriləcək
Dünya
Yunanıstan uzun illərdir UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinə çalışdığı Olimp dağı ilə bağlı mühüm qərar gözləyir.
News24.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Məsələ UNESCO-nun Cənubi Koreyanın Busan şəhərində keçirilən Dünya İrs Komitəsinin 48-ci sessiyasında müzakirəyə çıxarılacaq. Yunanıstan 2014-cü ildən Olimpin həm təbii, həm də mədəni əhəmiyyətini əsas gətirərək onun Dünya İrs Siyahısına salınmasını istəyir.
1938-ci ildə ölkənin ilk milli meşəsi elan edilən Olimp 1981-ci ildən UNESCO-nun biosfer qoruğu, 2021-ci ildən isə milli park statusu daşıyır. Dağ qədim yunan mifologiyası, zəngin flora və faunası, həmçinin dini abidələri ilə tanınır.
Son illərdə bölgəyə turist axını kəskin artıb. Təkcə ötən il Olimpi təxminən 500 min nəfər ziyarət edib. Mütəxəssislər bildirirlər ki, UNESCO statusu ərazinin həddindən artıq turizm və tikinti təzyiqindən daha yaxşı qorunmasına kömək edəcək.
Bununla belə, UNESCO-nun məsləhətçi qurumları namizədlik sənədlərinə əlavə dəqiqləşdirmələrin edilməsini tövsiyə edib. Bu səbəbdən yekun qərarın təxirə salınacağı da istisna edilmir.