Qədim yunan barelyefi müzakirə yaratdı: 2 min il əvvəl noutbuk var idi?

Qədim yunan barelyefi müzakirə yaratdı: 2 min il əvvəl noutbuk var idi? Dünya

Sosial şəbəkələrdə qədim yunan barelyefinin fotoları geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər əsərdə təsvir olunan əşyanın müasir noutbuka bənzədiyini iddia edərək bunu zamanda səyahət nəzəriyyələri ilə əlaqələndiriblər.

News24.az xəbər verir ki, söhbət təxminən eramızdan əvvəl 100-cü ilə aid olan “Taxtda əyləşən qadın və xidmətçisi təsvir edilən qəbir barelyefi”ndən gedir. Əsərdə varlı qadın taxtda əyləşib, gənc xidmətçi isə onun qarşısında qapağı açıq düzbucaqlı bir əşya tutur.

Məhz bu əşya sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Bəziləri onun noutbuka bənzədiyini, hətta yan hissəsindəki iki kiçik çıxıntının müasir USB girişlərini xatırlatdığını irəli sürüb.

Lakin muzey mütəxəssisləri bu iddialarla razılaşmırlar. Onların sözlərinə görə, sözügedən əşya böyük ehtimalla zinət əşyalarının saxlanıldığı qutudur. Bu qənaət digər qədim yunan qəbir barelyefləri ilə müqayisə əsasında verilib. Həmin əsərlərdə də qadınların oxşar qutulardan lent və ya bəzək əşyaları çıxardığı təsvir olunur.

Məqalədə qeyd edilir ki, bu, antik incəsənətlə bağlı ilk belə mübahisə deyil. Eramızdan əvvəl V əsrə aid bəzi yunan vazalarında da açıq noutbuku xatırladan əşyalar görünür. Tarixçilər isə bunların qədim yunanların yazı yazmaq üçün istifadə etdiyi mum lövhələri olduğunu bildirirlər.

Nəşr əlavə edir ki, fiziklər nəzəri baxımdan zamanda səyahətin mümkünlüyünü tam istisna etməsələr də, bu günə qədər insanları keçmişə aparmağa imkan verən texnologiyanın mövcudluğunu təsdiqləyən heç bir elmi sübut yoxdur. Buna görə də qədim barelyefdə “noutbuk” təsvir edildiyi ilə bağlı iddialar elmi fakt deyil, sadəcə fərziyyə hesab olunur. (Daily Mail)