Qırğızıstan dağlarında itkin düşmüş alpinistlərin çadırı tapıldı
Dünya
Xilasedicilər Qırğızıstan dağlarında itkin düşən alpinistlər qrupunun çadırını tapıblar, lakin içəridə kimsə olmayıb. Axtarışlar davam edir.
News24.az xəbər verir ki, itkin düşənlər arasında iki Belarus və bir Litva vətəndaşı var.
"Avqustun 8-də Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri axtarış aparıb və 5 min metr hündürlükdə gecələyiblər. Bu gün axtarış əməliyyatına xüsusi texnika ilə 5 xilasedici, Sərhəd Xidmətinin 5 əməkdaşı və İsveçrə vətəndaşı olan iki könüllü bələdçi cəlb edilib", - Qırğızıstan FHN-in məlumatında bildirilir.
Üç alpinist 6613,5 metr hündürlüyündə olan Qurumdı (Qorumdu) zirvəsinə qalxdıqdan sonra onlarla əlaqə kəsilib. Məlumata görə, onlarla əlaqə Pamir-Alay və Zaalay silsiləsi massivindəki Şimal yalı ilə zirvəyə qalxdıqdan sonra kəsilib.
Avqustun 4-də onlar zirvəyə qalxaraq operatorla əlaqə saxlayıblar və baza düşərgəsinə enişə başlamağa hazır olduqlarını bildiriblər. Lakin təyin olunmuş vaxtda qrup nəzarət nöqtəsinə gəlməyib, bundan sonra onlarla əlaqə itib.
Belarus Alpinizm və Qayayadırmanma Federasiyası bundan əvvəl qrupun axtarışına kömək etmək xahişi ilə Qırğızıstandakı həmkarlarına müraciət edib.