Qışla bağlı xəbərdarlıq: Azərbaycanda sərt şaxtalar gözlənilir?
Dünya
Amerika və Avropanın aparıcı meteoroloji qurumlarının uzunmüddətli modellərinə əsasən, 2026-cı ilin qışı dünya üzrə dəyişkən və qeyri-sabit hava şəraiti ilə yadda qalacaq. Mütəxəssislər qlobal temperaturun normadan yüksək qalmasının qış aylarında həm kəskin soyuq dalğalarına, həm də gözlənilməz istiləşmələrə səbəb ola biləcəyini bildirirlər. İlkin proqnozlara görə, Azərbaycanda qış əsasən mülayim və dəyişkən keçəcək, kəskin və uzunmüddətli şaxtalar gözlənilməsə də, ayrı-ayrı dövrlərdə qısa müddətli soyuq hava dalğaları mümkündür. Bakıya isə ilk qarın fevral ayında yağacağı ehtimal olunur.
Bəs Azərbaycanda qış fəsli çox sərt keçə bilərmi?
Məsələ ilə bağlı danışan meteoroloq Cavidan Əliyev News24.az-a bildirib ki, qış mövsümünün necə keçəcəyini indidən dəqiq demək elmi baxımdan mümkün deyil:
"Təbiətdə çoxsaylı təsadüfi və gözlənilməz proseslər baş verdiyi üçün uzunmüddətli proqnozlar öz dəqiqliyini itirir. Qışın sərt və ya mülayim keçəcəyi barədə əvvəlcədən qəti fikir söyləmək çətindir. Sinoptiklər üçün 3 və ya 7 günlük proqnozları vermək nisbətən rahatdır. Lakin müddət uzandıqca proqnozun reallığı azalır. Çünki atmosfer proseslərinə sonradan təsir edən çoxsaylı amillər ortaya çıxa bilər. Hazırda mövcud olan heç bir meteoroloji model qışın mütləq şəkildə çox sərt və ya çox isti keçəcəyini dəqiq şəkildə proqnozlaşdıra bilmir”.
Meteoroloq qeyd edib ki, vaxtaşırı yayılan “aramsız qar yağacaq” və ya “ekstremal qış olacaq” kimi məlumatlar elmi əsaslara söykənmir:
"Son illərdə Azərbaycanda hava şəraiti əsasən dəyişkən xarakter daşıyır və isti günlər qısa müddətli soyuq dalğaları ilə əvəzlənir. Statistik məlumatlar göstərir ki, ölkəmizdə qış aylarında çox kəskin temperatur enişləri uzunmüddətli olmur. Ümumilikdə isə iqlim normaları temperaturun orta göstəricilərinin 1–2 dərəcə yüksək olacağını ehtimal etməyə əsas verir. Bu da qışın əsasən mülayim, lakin dəyişkən keçəcəyini göstərir”.
Meteoroloq əlavə edib ki, əhali gündəlik və qısamüddətli hava proqnozlarını izləməli, xüsusilə soyuq hava dalğaları ilə bağlı rəsmi xəbərdarlıqlara diqqətlə yanaşmalıdır.