Qohumları ölüdüyünü düşünüb kanala atdı, hamilə qadın belə xilas oldu
Dünya
Hindistanda 22 yaşlı hamilə qadın qohumları tərəfindən döyüldükdən sonra kanala atılıb. Lakin qadın sağ qalaraq sudan çıxmağı bacarıb.
News24.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Pəncab ştatında baş verib. Beş aylıq hamilə olan Amanprit Kaur üç il əvvəl ailəsinin etirazına baxmayaraq Satnam Sinqhlə evlənib. Müxtəlif kastalara mənsub olan cütlük daha əvvəl aldıqları təhdidlər səbəbindən məhkəməyə müraciət edərək qorunma istəyib.
Qadının sözlərinə görə, sentyabrın 6-da axşam saatlarında qohumları onu qaçırıb və gecə boyu döyüblər. Növbəti gün isə öldüyünü düşünərək onu kanala atıblar.
Amanprit Kaur bir müddət suyun altında qaldığını və sağ olduğunu gizlətmək üçün özünü ölü kimi göstərdiyini bildirib. Qohumları hadisə yerindən uzaqlaşdıqdan sonra qadın sahilə çıxaraq kömək istəyib və xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı polis altı ailə üzvünə qarşı cinayət işi açıb. Şübhəlilər saxlanılıb və araşdırma davam etdirilir.