Qonşu ölkədə su qıtlığı - Sakinlərə xəbərdarlıq edildi

Qonşu ölkədə su qıtlığı - Sakinlərə xəbərdarlıq edildi Dünya

İranda su böhranı ilə bağlı xəbərdarlıq edilib.

News24.az xəbər verir ki, bu barədə “Mehr” Agentliyi Tehran Su və Kanalizasiya Şirkətinin baş direktoru Əlireza Hüseyn Qasimiyə istinadən məlumat yayıb.

Qasımi paytaxt sakinlərinin gündəlik orta su istehlakının 25 litr azaldığını bildirib.

Bununla belə, o, hazırkı göstəricilərin hələ də müəyyən edilmiş standartlara cavab vermədiyini deyib.

Qasimi qeyd edib ki, adambaşına düşən faktiki su istehlakı ilə müəyyən edilmiş 130 litrlik norma arasındakı fərq təxminən 65 litr təşkil edir.

O vurğulayıb ki, su istehlakının idarə edilməsi məsələsi hələ də olduqca aktualdır və növbəti addımların atılmasını tələb edir, əks halda, Tehran su böhranı ilə üzləşə bilər.

Onun verdiyi məlumata görə, şəhərdə qənaətcil istehlakçıların payı 40 faizi ötüb ki, bu da müsbət tendensiya hesab olunur, lakin bu templəri qoruyub saxlamaq lazımdır.

Rəsmi həmçinin bəyan edib ki, bu il yağıntıların miqdarı ötən illə müqayisədə 18,5 faiz artsa da, hələ də çoxillik iqlim normasından 35 faiz aşağıdır.

Tehranın sabit su balansını təmin etmək üçün ildə təxminən 280 mm yağıntıya ehtiyacı var, hazırkı defisit isə təxminən 100 mm təşkil edir.

Şirkət vurğulayıb ki, suya qənaət edilməsi paytaxtda su təchizatı ilə bağlı vəziyyətin pisləşməsinin qarşısını almaq üçün həyati vacib şərt olaraq qalır.