Qonşu ölkədə yol hərəkəti cərimələri azaldılır

Qonşu ölkədə yol hərəkəti cərimələri azaldılır Dünya

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən mətbuat konfransında yol hərəkəti qaydalarının pozulması ilə bağlı tətbiq edilən cərimələrin azaldılmasından danışıb.

News24.az xəbər verir ki, baş nazir son bir ilin statistik göstəricilərinin artırılmış cərimələrlə qanun pozuntularının azalması arasında birbaşa korrelyasiyanın olmadığını sübut etdiyini deyib.

"Biz mütəmadi olaraq statistik məlumatları və cərimələrin artırılmasının yol hərəkəti təhlükəsizliyi göstəricilərinə təsirini izləyirik. Təəssüf ki, keçən ilin göstəricilərinə əsasən, cərimələrin artırılması ilə statistikanın yaxşılaşması arasında birbaşa əlaqə müşahidə olunmur", - deyə İrakli Kobaxidze bildirib.

Hökumət başçısı qeyd edib ki, hazırkı yüksək cərimələr əhali üçün əlavə maliyyə yükü yaradır: "Nəzərə alsaq ki, bu cərimələr əhali üçün ağır yükə çevrilib, biz parlamentlə birlikdə cərimələrin azaldılması məsələsini nəzərdən keçirə bilərik".

Qeyd edək ki, sözügedən təşəbbüsün reallaşacağı təqdirdə, ölkədə yol hərəkəti qaydaları ilə bağlı cərimə siyasətində ciddi dəyişikliklərin ediləcəyi gözlənilir. /Xeber.ge/