Quterreşdən çağırış: “Uşaqlarımızın gələcəyi təhlükə altındadır”
Dünya
BMT-nin Baş katibi Antonio Quterreş iqlim dəyişikliyinin bəşəriyyətin gələcəyi üçün ciddi təhlükə yaratdığını bildirərək dünya liderlərini bu istiqamətdə daha qətiyyətli addımlar atmağa çağırıb.
News24.az xəbər verir ki, Quterreş bu barədə Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində təşkil olunan Liderlər Zirvəsinin açılışında çıxış edərkən deyib.
O, çıxışında iqlim böhranının sürətlə dərinləşdiyini vurğulayaraq bildirib ki, 2025-ci ildə atmosferə atılan emissiyalar bütün dövrlərin ən yüksək səviyyəsinə çatıb. Temperatur rekordları yenilənməkdə davam edir və son dörd il tarixdə ən isti illər olub.
Quterreşin sözlərinə görə, iqlim fəlakətləri dünyanın müxtəlif bölgələrində insanların həyatına, dolanışıq vasitələrinə və iqtisadiyyatlara ciddi zərbə vurur. O, fosil yanacaq sektorunun planetə vurduğu zərərə baxmayaraq, böyük gəlirlər əldə etməyə davam etdiyini də qeyd edib.
BMT rəhbəri xatırladıb ki, 11 il əvvəl Parisdə dünya ölkələri qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq barədə öhdəlik götürüblər. O bildirib ki, bu həddin aşılması riski olsa da, hədəfdən imtina etmək yox, onun qorunması üçün mübarizəni gücləndirmək lazımdır.
Quterreş çıxışında iqlim dəyişikliyi ilə mübarizənin yalnız temperatur göstəricilərindən ibarət olmadığını xüsusi vurğulayıb:
“İqlim dəyişikliyi ilə mübarizə termometrdəki rəqəmlər uğrunda mübarizədən daha çox şeydir. Biz həyatımız və uşaqlarımızın gələcəyi uğrunda mübarizə aparırıq”.
O, dünya liderlərini iqlim böhranının qarşısının alınması üçün elmi faktlara əsaslanan qərarlar qəbul etməyə və təcili tədbirlər görməyə çağırıb.