İran-ABŞ arasındakı 14 maddəlik razılaşmaya nələr daxildir?

İran-ABŞ arasındakı 14 maddəlik razılaşmaya nələr daxildir? Dünya

İran və ABŞ arasında əldə olunan razılaşma memorandumunun şərtləri yayımlanıb.

News24.az xəbər verir ki, iyunun 19-da İsveçrədə imzalanacaq razılaşma 14 maddədən ibarətdir.

İlk maddədə Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin başa çatdığı təsdiqlənir.

Digər maddədə İran və ABŞ-nin bir-birinin işlərinə müdaxilə etməyəcəyi vurğulanır. Həmçinin sənəddə danışıqların 60 gün ərzində tamamlanmasının nəzərdə tutulduğu qeyd olunur.

Memorandumda Hörmüz boğazı ilə bağlı üç maddə yer alır.

Buraya ABŞ-nin dəniz blokadasını ləğv etməsi, Hörmüz boğazının 30 gün ərzində tam gücü ilə fəaliyyətə başlaması, İranın bütün dəniz minalarını təmizləməsi daxildir.

İddiaya görə, İranın iqtisadi tələbləri də sənəddə əks olunub.

Bunlar İranın yenidən qurulması üçün 300 milyard dollar ayrılması, bütün sanksiyaların ləğv edilməsi, İranın neft və neft-kimya məhsullarının satışının asanlaşdırılması və dondurulmuş maliyyə vəsaitlərinin sərbəst buraxılmasıdır.

Digər maddələrdə İranın heç vaxt nüvə silahı istehsal etməyəcəyi və yekun razılaşma əldə olunana qədər tərəflərin mövcud mövqelərini qoruyacağı, həmçinin icra mexanizminin yaradılacağı qeyd edilir.

Bu müddəaların yerinə yetirildiyi təsdiqlənərsə, qalan məsələlər üzrə yekun sazişin hazırlanması üçün danışıqlara başlanacaq.

Yekun sazişin isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən məcburi qərarla təsdiqlənməsi nəzərdə tutulur.

Razılaşma maddələri ilə bağlı iddialara hələ rəsmi cavab verilməyib. Bununla belə, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə paylaşdığı mesajda İrana 300 milyard dollarlıq yardım ayrılmayacağını bildirib.

Buna görə də razılaşmanın məzmunu hələ də qeyri-müəyyən olaraq qalır. /Al-Arabia/