İran ABŞ ilə ölkəyə dəyən ziyanın kompensasiyassını müzakirə edir
Dünya
İran və ABŞ arasında mesajlaşma yolu ilə aparılan danışıqlarda Tehran üçün müharibə zamanı dəymiş ziyanın kompensasiyası məqsədilə vəsait ayrılması mexanizmi müzakirə olunur və bu məsələ yekun sazişə daxil edilə bilər.
News24.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib.
“Memorandumun bəndlərindən biri müharibə nəticəsində dəymiş zərərin bərpası üçün lazımi şəraitin yaradılmasıdır. Bu məsələ ilə bağlı müxtəlif variantlar nəzərdən keçirilir. Danışıqlar zamanı müzakirə olunan mövzulardan biri də ziyanın kompensasiyası və bərpa işlərinin aparılması üçün müəyyən məbləğin ayrılmasıdır”, — deyə o mətbuat konfransında bildirib.
Qeyd edək ki, mayın 29-da İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əlaəddi Borucerdi ölkənin ABŞ və İsraillə müharibə zamanı yüz milyardlarla dollar zərər gördüyünü və buna görə kompensasiya məsələsinin prioritet olduğunu bildirib.
“Fars” agentliyinin məlumatına görə isə İran və ABŞ arasında mümkün razılaşmanın tərkib hissələrindən biri xaricdə dondurulmuş aktivlərdən 12 milyard dolların Tehrana dərhal ödənilməsi ola bilər və yalnız bundan sonra İran İslam Respublikası növbəti danışıqlara keçə bilər.