İran ABŞ-yə xəbərdarlıq etdi: Təhdidlər davam etsə, danışıqlar başlamayacaq

İran ABŞ-yə xəbərdarlıq etdi: Təhdidlər davam etsə, danışıqlar başlamayacaq Dünya

ABŞ-nin təhdidləri davam edərsə, tərəflər arasında yekun sazişlə bağlı danışıqlara başlanılmayacaq.

News24.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində yazıb.

“Milyonlarla iranlı Ali dini lider Ayətullah Xameneinin xatirəsini yad etmək üçün bir araya gəlib və nə onlar, nə də İranın silahlı qüvvələri təhdidlərə boyun əyməyəcək”.

Əraqçinin sözlərinə görə, qarşılıqlı anlaşma memorandumunun 13-cü bəndində açıq şəkildə qeyd olunub ki, təhdidlər davam etdiyi halda yekun saziş üzrə danışıqlar başlamayacaq.

O, Vaşinqtonu imzaladığı öhdəliklərə hörmət etməyə çağırıb.

Qeyd edək ki, İran və ABŞ iyunun 18-nə keçən gecə fevralın 28-dən davam edən hərbi münaqişəyə son qoyulmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Sənədə əsasən, ABŞ dəniz blokadasını mərhələli şəkildə aradan qaldırmalı, İran isə Hörmüz boğazında gəmiçiliyi bərpa etməlidir.

Danışıqlarda əsas vasitəçilər Pakistan və Qətər olub.